NATO Baş katibi Mark Rutte Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda çıxış edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rutte alyansın fəaliyyətini komanda oyununa bənzədərək, təhlükəsizliyin təmin edilməsində bütün üzv ölkələrin və müdafiə sənayesi sektorunun mühüm rol oynadığını bildirib.
Məlumata görə, NATO Baş katibi qeyd edib ki, alyansın uğuru yalnız bir ölkənin və ya liderin fəaliyyəti ilə deyil, bütün müttəfiqlərin kollektiv səyləri ilə mümkündür.
“Heç bir komanda yalnız bir oyunçu ilə qələbə qazana bilməz. Müdafiə və çəkindirmə tam bir komanda işi tələb edir”, - deyə Rutte bildirib.
O vurğulayıb ki, siyasi liderlər strateji istiqamət müəyyən edir, silahlı qüvvələr əməliyyatları həyata keçirir, müdafiə sənayesi isə innovasiya və istehsal imkanları ilə bu sistemin əsas dayaqlarından birini təşkil edir.
NATO rəhbərinin sözlərinə görə, 2024-cü ildə alyans ölkələrinin müdafiə xərclərində ciddi artım qeydə alınıb. O bildirib ki, Avropa müttəfiqləri və Kanada əvvəlki illə müqayisədə müdafiəyə 20 faiz daha çox vəsait ayırıblar. Bu artımın təxminən 139 milyard dollar əlavə investisiya təşkil etdiyi qeyd olunub.
Rutte əlavə edib ki, 2025 və 2026-cı illərdə müdafiə xərclərində artımın daha da yüksələrək 258 milyard dollara çatacağı gözlənilir.
NATO Baş katibi müdafiə sənayesinə yatırılan sərmayələrin artıq konkret nəticələr verdiyini bildirib. O, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, pilotsuz uçuş aparatları və onlara qarşı texnologiyaların inkişafı, eləcə də sursat istehsalının artırılmasının əsas prioritetlər sırasında olduğunu qeyd edib.
Rutte bildirib ki, NATO 2027-ci ilə qədər illik sursat istehsalını 4 milyon ədədə çatdırmağı hədəfləyir.
Çıxışında Rusiya, Çin və Şimali Koreya ilə bağlı təhlükəsizlik çağırışlarına da toxunan NATO rəhbəri transatlantik müdafiə sənayesində böyük dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.
“32 ölkənin imkanlarını və texnologiyalarını birləşdirərək daha güclü ola bilərik. İndi vaxt itirmədən daha sürətli və birgə addımlar atmağın zamanıdır”, - deyə Mark Rutte bildirib.