Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayı zamanı nümayəndələrin səsvermə prosesinə müdaxilə edildiyi barədə irəli sürülən iddialar əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. İstintaq tədbirləri çərçivəsində 7 vilayəti əhatə edən genişmiqyaslı əməliyyat keçirilib.
“TRT Haber”ə istinadən verilən məlumata görə, əməliyyat İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatya şəhərlərində icra olunub. Nəticədə 13 nəfər şübhəli qismində saxlanılıb.
Qeyd edək ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş CHP qurultayının nəticələrini ləğv etmək barədə qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, partiyanın hazırkı sədri Özgür Özel və rəhbərlik müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, sabiq sədr Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin səlahiyyətləri isə bərpa olunub.