Ankara ərazisində meşə yanğınları ilə mübarizə və təhlükəsizlik tədbirləri çərçivəsində yeni qərarlar qəbul olunub. Milli parklar, təbiət və meşə parkları istisna olmaqla, vilayət daxilindəki bütün meşəlik ərazilərə giriş 1 iyundan 30 sentyabradək qadağan edilib.
Türkiyə KİV-in məlumatına görə, bu addım meşəlik və istirahət zonalarında insan və avtomobil sıxlığının artması, habelə yanğın riski yaradan meteoroloji şəraitin davam etməsi səbəbindən atılıb. Qadağalar çərçivəsində aşağıdakı qaydalar müəyyən edilib:
- Kempinq fəaliyyətinə icazə verilən obyektlər istisna olmaqla, meşəlik ərazilərdə düşərgə salmaq və çadır qurmaq qadağandır.
- Tonqal, manqal və samovar yalnız səlahiyyətli qurumların nəzarətində olan istirahət zonaları, təbiət və milli parklarda, xüsusi ayrılmış yerlərdə istifadə edilə bilər.
- Sözügedən ərazilərə giriş-çıxış saat 09:00-dan 22:00-dək həyata keçiriləcək.
- Meşə təsərrüfatı ilə bağlı müqaviləli işçilər və idarə əməkdaşları istisna olmaqla, digər vətəndaşların meşəyə girişi məhdudlaşdırılır.
Bundan əlavə, meşəyə yaxın ərazilərdə küləş, bağ-bağça tullantıları və budaqların yandırılması, eləcə də fişəng atılması qadağan olunub. Sənaye obyektləri və enerji ötürücü xətlərin operatorları yanğın riskinə qarşı qabaqlayıcı tədbirlər görməli, zərurət yarandıqda enerji kəsintisi tətbiq etməlidirlər.