Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda aşağıdakı fikirlər yer alıb:
Hörmətli İlham Heydər oğlu,
Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qurban bayramının dövlət bayramı ilə eyni vaxta təsadüf etməsi xüsusi rəmzi məna daşıyır. Arzu edirəm ki, bütün müsəlmanların böyük ehtiramla qeyd etdiyi bu bayram bəşəriyyəti yüksək mənəvi dəyərlərə qovuşdursun, Uca Yaradanın mərhəmətini və şəfqətini bəxş etsin.
Nursultan Nazarbayev qardaş Azərbaycan xalqına davamlı inkişaf və firavanlıq arzulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan bütün hədəflərə çatılmasını diləyib:
- Sizinlə formalaşdırdığımız qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uzun illər davam edəcəyinə inanıram.
- Bu əlamətdar günlərdə Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.