Ərzaq balansının hazırlanması üçün zəruri olan məlumatların vaxtında təqdim edilməməsinə görə cərimə mexanizmi müəyyənləşib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi nəzərdə tutulur.
Təklif olunan dəyişikliyə əsasən, ərzaq balansının tərtibi üçün tələb olunan məlumatların müvafiq informasiya sisteminə daxil edilməməsinə görə aşağıdakı cərimələr tətbiq ediləcək:
- Fiziki şəxslər: 100 manat
- Vəzifəli şəxslər: 200 manat
- Hüquqi şəxslər: 500 manat
Bu öhdəlik fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı illik, habelə istixana, soyuducu anbar və taxıl elevatorları barədə aylıq məlumatların növbəti ayın 10-dək təqdim olunmasını əhatə edir. Eyni zamanda, ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı ilə məşğul olan subyektlərin yazılı sorğuya əsasən 15 iş günü ərzində məlumat verməməsi vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün isə 500 manat cərimə ilə nəticələnəcək.
Məcəlləyə əlavə edilən müddəaya görə, inzibati xətanın təkrar törədilməsi halında cərimə məbləğləri artırılır:
- Fiziki şəxslər: 200 manat
- Vəzifəli şəxslər: 400 manat
- Hüquqi şəxslər: 1 000 manat
Qeyd edək ki, xətanı törətmiş şəxs qanun pozuntusuna səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda inzibati məsuliyyətdən azad olunacaq. Layihə parlamentin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alıb.