Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan ilkin qiymətləndirmələr nəticəsində bir milyondan çox minanın olduğu müəyyən edilib. Bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov məlumat verib.
S.Poladovun sözlərinə görə, 1991-ci ildən 2020-ci il noyabrın 10-dək mina partlayışları nəticəsində 2418 nəfər yaralanıb, 530 nəfər isə həlak olub. Həmin dövr ərzində klaster bombalarının qurbanı olanların sayı 131 nəfər təşkil edib.
Agentlik rəsmisi 2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 22-dək olan statistik göstəriciləri də diqqətə çatdırıb:
- Yaralananlar: 352 nəfər
- Həlak olanlar: 73 nəfər
Samir Poladov qeyd edib ki, ümumilikdə mina qurbanlarının sayı 3500-dən çoxdur. Bu rəqəmlər arasında 302 nəfər uşaq və gənc, 38 nəfər isə qadındır.