Mina təhlükəsi qlobal miqyasda bərpa proseslərini ləngidən, inkişafı əngəlləyən və insan həyatı üçün ciddi risk yaradan əsas amillərdən biridir. Bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov məlumat verib.
Vüqar Süleymanov bildirib ki, mina probleminin həlli üçün beynəlxalq tərəfdaşlıq, qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmalar böyük əhəmiyyət kəsb edir. O, 2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı tədbirləri diqqətə çatdırıb:
- 2020-ci ilin noyabr ayından etibarən 270 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
- Ümumilikdə 250 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Agentlik rəhbəri qeyd edib ki, bu fəaliyyət işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və bərpa-quruculuq işlərinin sürətləndirilməsi üçün strateji xarakter daşıyır.