Minatəmizləmə fəaliyyəti təkcə humanitar xarakter daşımır, həm də bərpa və yenidənqurma proseslərinin təməl daşını təşkil edir. Bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda təşkil olunan “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov məlumat verib.
ANAMA rəhbəri qeyd edib ki, minatəmizləmə işləri yaşayış məntəqələrinin inşası, infrastrukturun bərpası, kənd təsərrüfatı, nəqliyyat şəbəkələrinin genişləndirilməsi və iqtisadi canlanma üçün ilkin şərtləri yaradır. Vüqar Süleymanovun sözlərinə görə, Böyük Qayıdış Proqramı çərçivəsində minatəmizləmə tədbirləri şəhərsalma və inkişaf prosesləri ilə tam inteqrasiya olunmuş şəkildə icra edilir.