UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutacaq həlledici "Nyukasl" (İngiltərə) - "Qarabağ" duelini birbaşa arenadan izləmək və Ağdam təmsilçisinə tribunadan dəstək vermək istəyən azarkeşlər üçün nəzərdə tutulan vauçerlər artıq iTicket.az platformasında satışa təqdim edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Köhlən atlar"ın mətbuat xidmətinin yaydığı rəsmi açıqlamaya əsasən, bu tarixi səfər qarşılaşması üçün biletlərin dəyəri 115 AZN olaraq müəyyənləşdirilib.
Proses belə tənzimlənib: ilkin mərhələdə iTicket.az üzərindən vauçer əldə edilir, oyun gününə qədər isə giriş biletləri portalın rəsmi elektron poçtu vasitəsilə alıcının qeyd etdiyi ünvana çatdırılır.
"St James' Park" stadionunda təmsilçimizin tərəfdarları üçün ümumilikdə 2466 yerlik kvota ayrılıb.
Təqvimə gəlincə, "Nyukasl" - "Qarabağ" qarşılaşması fevralın 24-də baş tutacaq. Start fiti İngiltərə vaxtı ilə 20:00-da, Bakı vaxtı ilə isə gecə yarısına bir dəqiqə qalmış – 23:59-da səslənəcək.