Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər aşağıdakı sənədləri də təqdim etməli olacaqlar:
- sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;
- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
-qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:
- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;
- bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.