ABŞ-nin Massaçusets ştatında federal hakim Tramp administrasiyasının Harvard Universitetinə qarşı açdığı məhkəmə işini yetərli sübut olmadığı qənaətinə gələrək rədd edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp administrasiyası Harvard Universitetini yəhudi tələbələrin şifahi və fiziki təqiblərdən qorunmaması, eləcə də kampusda antisemitizmə yol verilməsi ilə bağlı ittiham edirdi.
ABŞ Dairə Məhkəməsinin hakimi Richard G. Stearns qərarında administrasiyanın təqdim etdiyi hadisələri əsasən ayrı-ayrı və dövri xarakter daşıyan hallar kimi qiymətləndirib.
Hakim 1964-cü il Mülki Hüquqlar Qanununun pozulduğuna dair iddiaların hüquqi baxımdan kifayət qədər əsaslandırılmadığını bildirib və işin davam etdirilməsinə xitam verib.
Stearns qeyd edib ki, mart ayında açılan məhkəmə işi əsasən 2023-2024-cü tədris ilində baş verdiyi bildirilən hadisələrə əsaslanır.
Onun sözlərinə görə, bəzi hadisələr 2025-ci ilin martında da baş versə də, təqdim olunan faktlar Harvardda davamlı antisemitizm siyasətinin mövcudluğunu göstərmir.
ABŞ Ədliyyə Nazirliyinin Mülki Hüquqlar Bölməsinin rəhbəri Harmeet Dhillon qərara münasibət bildirərək administrasiyanın hakimlə razılaşmadığını açıqlayıb.
“Qərarla razılaşmırıq və bundan sonra atılacaq addımları nəzərdən keçiririk”, - Dhillon deyib.
Tramp administrasiyası Harvardda 2023-cü ilin oktyabrından sonra keçirilən İsrail əleyhinə və Fələstin tərəfdarı etirazlar zamanı universitet rəhbərliyinin yəhudi tələbələri qorumaq üçün lazımi tədbirlər görmədiyini iddia etmişdi.
Administrasiyanın iddiasına görə, bəzi yəhudi tələbələr tüpürülərək təhqir edilib, fiziki hücuma məruz qalıb və təqib olunub.
Harvard Universiteti ilə Tramp administrasiyası arasında qarşıdurma bununla məhdudlaşmayıb. Trump daha əvvəl universitetin federal maliyyələşməsindən təxminən 2,6 milyard dolların kəsiləcəyini açıqlamışdı.
Bu qərar isə 3 sentyabr 2025-ci ildə Boston federal məhkəməsində keçirilən prosesdən sonra ABŞ Dairə Məhkəməsinin hakimi Allison Burroughs tərəfindən bloklanmışdı.