Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.
"Qərarın qəbulu zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər və qlobal maliyyə bazarlarındakı mövcud vəziyyət əsas götürülüb. Daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri də nəzərə alınıb.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək. AMB bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək.
İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaq", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat mayın 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.