ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını bağlayacağı təqdirdə Vaşinqtonun sərt hərbi addımlar atmağa hazır olduğunu bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
Məlumata görə, Tramp Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq qalmasının ABŞ-nin strateji prioriteti olduğunu bildirib. O vurğulayıb ki, İranın heç vaxt nüvə silahına sahib olmasına imkan verilməyəcək və bu məsələ rəsmi şəkildə təsbit olunacaq.
ABŞ Prezidenti qeyd edib ki, əgər Hörmüz boğazı yaxın vaxtlarda açılmasa, Vaşinqton tərəfindən çox güclü hərbi zərbə endiriləcək. Onun sözlərinə görə, bu, İkinci Dünya müharibəsindən bəri həyata keçirilən ən güclü hərbi əməliyyatlardan biri ola bilər.
Tramp, həmçinin İranın nüvə sazişi ilə bağlı öhdəliklərindən yenidən geri çəkiləcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini bildirərək Tehranı ehtiyatlı davranmağa çağırıb. Daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqton və Tehran arasında Hörmüz boğazına nəzarətlə bağlı yaxın günlərdə razılaşmanın əldə oluna biləcəyinə dair nikbin açıqlama vermişdi.