Rusiyanın dövlət nüvə şirkəti "Rosatom"un baş direktoru Aleksey Lixaçov Yaxın Şərqdə kəskinləşən hərbi münaqişələrlə bağlı kritik bəyanat yayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, İranda yerləşən "Buşehr" Nüvə Elektrik Stansiyasının (AES) birbaşa təhdid altında olduğunu vurğulayıb.
Rusiyalı rəsminin sözlərinə görə, bölgədəki hərbi əməliyyatlar obyektin təhlükəsizliyini riskə atır:
“Stansiya üçün real təhlükə mövcuddur. Partlayış səsləri obyektdən cəmi bir neçə kilometr uzaqlıqda eşidilir. Vəziyyətlə əlaqədar artıq 100-ə yaxın şəxs ərazidən təxliyə edilib”.
Lixaçov qeyd edib ki, stansiyanın əsas heyəti hazırda öz vəzifələrini icra etməyə davam edir. Bununla belə, şərait imkan verdiyi təqdirdə daha 200 nəfərin təxliyə edilməsi planlaşdırılır.
Qeyd edək ki, rəsmi Tehran da münaqişənin miqyasının genişlənəcəyi və qlobal xarakter alacağı barədə xəbərdarlıqlar edib.