Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə səfər edib. Dövlət başçısı kənddə fərdi evlərin bərpası və infrastrukturun yenilənməsi istiqamətində görülən işləri nəzərdən keçirib, həmçinin kənd sakinləri ilə görüşüb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 1992-ci ildə işğal edilən və 2023-cü ildə antiterror əməliyyatları nəticəsində azad olunan Böyük Qaladərəsi kəndində məskunlaşma üçün zəruri şərait yaradılır.
Kənddə aparılan infrastruktur və bərpa işləri
- Kənddə transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib və mövcud şəbəkə bərpa edilib.
- Fərdi evlər və yeni çəkilən qaz xətləri sayğaclaşdırılıb.
- İçməli su təchizatı üçün paylayıcı xətlər çəkilib.
- Rabitə xətlərinin çəkilməsi və kənddaxili yolların abadlaşdırılması işləri davam etdirilir.
- Sakinlərin istirahəti üçün park salınıb və Bayraq meydanı yaradılıb.
Kənddə ümumilikdə 50 fərdi ev mövcuddur ki, onlardan 37-si qismən yararlı, 13-ü isə yararsız vəziyyətdədir. Hazırda 17 evin bərpası başa çatıb, növbəti mərhələdə isə daha 20 evin bərpası nəzərdə tutulur. İlkin mərhələdə kəndə 14 ailədən ibarət 64 nəfər qayıdıb.
Prezident İlham Əliyev kənd sakini Akif Qəhrəmanovun evində olub və sakinlərlə söhbət edib. Dövlət başçısı kənd sakinləri ilə görüşündə 28 May - Müstəqillik Günü və Qurban bayramı münasibətilə onları təbrik edib. Prezident Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işlərinin davam etdiyini vurğulayıb.
Sonda xatirə şəkilləri çəkdirilib.