Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya planlaşdırılan səfəri ölkənin gələcəyini müəyyən edə bilər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikri “Ana Ermənistan” partiyasının tərəfdarı, politoloq Ervand Bozoyan səsləndirib.
Politoloqun sözlərinə görə, son aylarda Ermənistan-Rusiya münasibətləri daha da gərginləşib. O, Rusiya ilə münasibətlərin normallaşdırılmasını dəstəkləyən siyasətçilərin həbslərinin geosiyasi kontekst daşıdığını bildirib.
Bozoyan hesab edir ki, Paşinyan həbs edilən siyasətçilərdən Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı istifadə etmək niyyətindədir.
“Paşinyan onlardan istifadə etmək istəyir, çünki onun əlində başqa top yoxdur. Düşünürəm ki, Rusiya tərəfi bu oyuna qoşulmayacaq və Paşinyanı uğursuzluq gözləyir”, – politoloq deyib.
Bozoyan əlavə edib ki, siyasətçilərin saxlanılmasının davam edib-etməyəcəyi Moskvada keçiriləcək danışıqların nəticəsindən asılı olacaq.
Politoloq qeyd edib ki, İrəvanda Moskva ilə münasibətlərin kəsilməsinin cəmiyyət üçün nə dərəcədə ağrılı ola biləcəyi başa düşülür. Bu səbəbdən prosesin mərhələli şəkildə həyata keçirilməsinə çalışılır.
Onun sözlərinə görə, Moskva İrəvanın bu planını anlayıb və buna imkan verməyib.
“Hər kəs başa düşməlidir ki, Ermənistan-Rusiya münasibətləri dağılsa, Rusiyanın yerini Türkiyə tutacaq”, – Bozoyan vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər Ermənistan parlamentinin Avropa İttifaqına üzvlük prosesinə başlamaq barədə qanun qəbul etməsindən, Cənubi Qafqaz Dəmir Yollarının konsessiyasının geri çağırılması ilə bağlı bəyanatlardan və İrəvanın digər addımlarından sonra daha da mürəkkəbləşib.
Ermənistan hökumətinin yaxın vaxtlarda qəbul etdiyi proqramda Rusiya ilk dəfə strateji müttəfiq və ya tərəfdaş kimi göstərilməyib.
Sentyabrın 1-də Bişkekdə keçirilən görüş zamanı Vladimir Putin və Nikol Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü və ya Avropa İttifaqına qoşulması məsələsinə aydınlıq gətirmək üçün ölkədə referendum keçirilməsinin zəruriliyini də müzakirə ediblər.
İrəvan isə hazırda alternativin olmadığını əsas gətirərək səsvermə keçirməyə tələsmir. Ermənistanın Avropa İttifaqına üzvlük üçün hələ ərizə təqdim etmədiyi bildirilir.