Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən “Məkkə Müdafiə İttifaqı”nın Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclasından sonra açıqlama verib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Fidan 7 avqust 2026-cı ildə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan müqavilə ilə başlayan prosesin artıq institusional xarakter aldığını bildirib.
Nazir çıxışına başlamazdan əvvəl Girne sahillərində baş verən gəmi qəzasında həlak olanlara Allahdan rəhmət, onların yaxınlarına və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) xalqına başsağlığı verib.
Fidan bildirib ki, “Məkkə Müdafiə İttifaqı” regional sahiblənmə anlayışının nəticəsidir.
Onun sözlərinə görə, bölgəyə kənardan müdaxilə və problemlərə kənardan həll yollarının axtarılması vəziyyəti yaxşılaşdırmır, əksinə, daha ciddi fəsadlara yol açır.
Tərəflər ittifaqın rəsmi adının “Məkkə Müdafiə İttifaqı” olmasına razılıq veriblər.
Bundan əlavə, ittifaqın katibliyinin Ər-Riyadda yerləşməsi və ilk baş katibin Pakistan nümayəndəsi olması barədə qərar qəbul edilib.
Qeyd olunub ki, ittifaq mövcud beynəlxalq öhdəlikləri, o cümlədən NATO üzvlüyünü əvəz etmir, əksinə, onları tamamlayıcı xarakter daşıyır.
İclas zamanı İsrailin Baş naziri Binyamin Netanyahunun Türkiyəyə qarşı yönələn ritorikası da müzakirə olunub.
Hakan Fidan Netanyahunu “bəşəriyyət üçün ortaq təhlükə” adlandıraraq, onun siyasətinin təkcə Türkiyə üçün deyil, qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdid yaratdığını bildirib.