Nazirlər Kabineti 11 aprel 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları"nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, aviasiya personalının sənədlərinin tanınması prosesi təkmilləşdirilib.
Qərara uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ərizəçinin müraciəti əsasında digər dövlət tərəfindən verilmiş şəhadətnaməni Azərbaycan Respublikasının aviasiya personalına məxsus şəhadətnaməyə konvertasiya edə bilər. Bu proses aşağıdakı beynəlxalq və texniki tələblərə uyğun həyata keçirilməlidir:
- Beynəlxalq Mülki Aviasiya Konvensiyası;
- Konvensiyaya 1 nömrəli Əlavə;
- "Doc 9379, dövlətin aviasiya personalının sertifikatlaşdırma sisteminin yaradılması və idarə olunması üzrə prosedurlara dair vəsait" sənədinin tələbləri.
Eyni zamanda, Agentlik konvertasiya prosesi zamanı ərizəçidən onun mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlimlərdə iştirak etməyi və ya imtahanlardan keçməyi tələb etmək səlahiyyətinə malikdir.