İran Silahlı Qüvvələri dövlət mediası vasitəsilə yaydığı rəsmi bəyanatda Türkiyə ərazisinə hər hansı raket fırlatmadıqlarını və qonşu ölkənin suverenliyinə sadiq olduqlarını vurğulayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tehran rəhbərliyi bölgədəki hərbi hərəkətliliyin Türkiyəni hədəf almadığını qeyd edib.
Lakin Türkiyə Milli Müdafiə Nazirliyi məsələ ilə bağlı fərqli məlumat paylaşıb.
Nazirliyin açıqlamasına görə, İrandan atılan və Türkiyə hava məkanına doğru irəliləyən ballistik sursat zərərsizləşdirilib.
Bildirilib ki, sözügedən raket Suriya və İraq üzərindən keçdikdən sonra Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib.
Türkiyə Milli Müdafiə Nazirliyi həmçinin vurğulayıb ki, təhlükənin kimdən və haradan gəlməsindən asılı olmayaraq, ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün imkanlar səfərbər edilib.
Rəsmi Ankara bütün tərəfləri münaqişənin genişlənməsinə səbəb olacaq addımlardan çəkinməyə çağırıb və bu istiqamətdə NATO müttəfiqləri ilə məsləhətləşmələrin davam etdiriləcəyini bildirib.