Ünvanlı dövlət sosial yardımı nədir?
Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailəyə dövlət büdcəsi hesabına verilən pul yardımıdır. Hüquq təkcə gəlirin aşağı olması ilə deyil, gəlirin ailədən asılı olmayan səbəblərdən ehtiyac meyarının məcmusundan aşağı düşməsi və qanundakı digər şərtlərlə müəyyən edilir. Ehtiyac meyarı dəyişə bildiyi üçün məbləği hər müraciət zamanı rəsmi mənbədən yoxlamaq lazımdır.
Müraciət necə edilir?
Müraciət elektron dövlət xidməti vasitəsilə “Ərizə-bəyannamə” göndərilməklə Ünvanlı yardım (VEMTAS) altsisteminə təqdim olunur. VEMTAS üçün rəsmi mənbədə açılışı verilməyən süni izahdan istifadə edilməməlidir. Sistem ailə tərkibi, gəlir, əmlak və digər uyğunluq məlumatlarını dövlət informasiya ehtiyatları ilə yoxlayır.
- Rəsmi elektron xidmətdə təhlükəsiz identifikasiya ilə daxil olun.
- Ailə və gəlir məlumatlarını faktiki vəziyyətə uyğun göstərin.
- Ərizə-bəyannaməni yoxlayıb təsdiqləyin.
- Nəticəni şəxsi kabinetdən və rəsmi bildiriş kanalından izləyin.
Sosial yardım almaq hüququna malik ailələr
Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər:
- Ailə üzvünün əmək qabiliyyətini itirməsi
- Ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi
- Ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması
- Ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması
- Ailə üzvünün vəfat etməsi
- Ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi
- Ailə üzvünün azadlıqdan məhrum edilməsi
- Ailə üzvünün olduğu yerin məlum olmaması
Nəyi əvvəlcədən yoxlamaq lazımdır?
- Ailə üzvləri və yaşayış ünvanı barədə dövlət qeydləri aktual olmalıdır.
- Əməkhaqqı, pensiya, təqaüd, aliment və digər gəlirlər düzgün göstərilməlidir.
- Əmlak və nəqliyyat vasitəsi barədə məlumat gizlədilməməlidir.
- İmtina bildirişində göstərilən konkret hüquqi və faktiki əsas ayrıca yoxlanmalıdır.
Bu bələdçi fərdi hüquqi qərarı əvəz etmir. Ailə tərkibi və gəlir növləri üzrə istisnalar olduğuna görə yekun uyğunluğu aktual qanun və Nazirliyin xidmət səhifəsi əsasında qiymətləndirin.
Müddətlər
Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur.
Təmsilçi vəfat etdikdə, habelə sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna ailənin müraciəti əsasında yenidən baxılır.
Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir:
- Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar;
- əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar;
- seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar;
- əmək müqaviləsi barədə məlumatlar;
- sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar;
- ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar.
Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun 10.4-cü maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
Sosial yardımın təyin olunmasından imtina edilməsi
Aşağıdakı səbəblərdən biri olduqda sosial yardımın təyin olunmasından imtina edilir:
- “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda
- Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda
- Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla)
- Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Agentliyinin struktur bölməsi və ya “DOST” mərkəzi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır)
- Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı oduqda
- Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda
- Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə
Sosial yardım təyin edilərkən ailə tərkibində nəzərə alınmayan şəxslər
Sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır:
- Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər)
- Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər
- Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər
- Axtarışda olan şəxslər
- Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları
- Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla)
Maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi
Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdəaşağıda qeyd olunan hallarda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti sosial yardım üzrə işçiyə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.
- ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailə üzvü olduqda;
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduqda;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü olduqda;
- 3 (üç) və daha çox uşaq olduqda.
Maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi
Sosial yardım üzrə işçi tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.
- ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda
- ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə
Sosial yardımın verilməsinin dayandırılması
Aşağıdakı hallar istisna olmaqla, ailənin tərkibində dəyişikliklər baş verdikdə sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır:
- ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə;
- ailə üzvü (üzvləri) vəfat etdikdə (Təmsilçi istisna olmaqla);
- ailə üzvü müddətli həqiqi hərbi xidmətə çağırıldıqda və ya müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda;
- əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq müddətləri başa çatdıqda;
- ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alma müddəti başa çatdıqda.