Yaponiya və Koreyanın ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı il iyulun 1-dən 2027-ci ilin iyulun 1-dək Azərbaycana turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə tətbiq olunub.
Yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.
Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.