Bu il iyulun 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 232,3 milyon manat (ÜDM-in 5,5 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 30,2 % azdır.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, əhəmiyyətli dərəcədə azalmaya səbəb "Cənub Qaz Dəhlizi" QSC-nin dövlət zəmanəti ilə cəlb etdiyi 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazları geri qaytarmasıdır.
Məlumata görə, dövlət zəmanətli borcunun 4 milyard 928 milyon manatı (2 milyard 898,8 milyon ABŞ dolları) və yaxud 68,1 %-i xarici kreditlərin, 2 milyard 304,3 milyon manatı və yaxud 31,9 %-i isə daxili kreditlərin payına düşüb.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 46,9 %-ni sabit, 53,1 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları – 52,8 %, avro – 22 %, manat – 17,9 %, yapon yeni – 5 %, digər valyutalar – 2,3 %.
Dövlət zəmanətli borcun 65,5 %-i 5 ilə qədər olan müddətdə, 21,5 %-i 5 ildən 10 iləqədər olan müddətdə, 13 %-i isə10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.