"Real Madrid"in "Lion"a icarəyə verdiyi 19 yaşlı braziliyalı ulduz Endrik Fransadakı yeni macərası və gələcək hədəfləri barədə "Téléfoot"a səmimi açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, gənc hücumçu həm meydandakı ambisiyalarından, həm də erkən yaşda gələn şöhrətin çətinliklərindən danışıb.
Endrik hazırda "Lion"da çıxış etsə də, gələcək planlarının mərkəzində Madrid dayanır:
“Ümid edirəm ki, bir gün yenidən Vinisius və Mbappe ilə bir araya gəlib Çempionlar Liqasını və digər titulları qazanacağıq. İndi isə ”Lion"da böyük işlər görmək və Allahın izni ilə Braziliya millisi ilə Dünya Kubokuna yollanmaq istəyirəm."
Gənc ulduz Fransa klubunu seçməsinə "Real Madrid"dəki komanda yoldaşlarının təsir etdiyini bildirib:
Kilian Mbappe və Eduardo Kamavinqa ona Liqa 1-in fiziki cəhətdən çox aqressiv və inkişaf üçün faydalı liqa olduğunu deyiblər. Onlar Endrikə "Lion"u israrla tövsiyə edərək, bu klubun böyük bir ailə olduğunu vurğulayıblar.
Endrik erkən yaşda qazandığı məşhurluğun gətirdiyi psixoloji yükdən də bəhs edib:
"Şöhrətin yalnız müsbət tərəfləri olduğunu düşünən gənclər səhv edirlər. Mənim üçün bu, mövcud ola biləcək ən pis şeylərdən biridir. Həyatımın hər anı diqqət mərkəzindədir. Ümid edirəm ki, bir gün həyatımdan sakitcə zövq ala biləcəyəm".