Perunun mərkəzində baş verən iki ardıcıl zəlzələ nəticəsində insan tələfatı və ciddi dağıntılar qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ölkənin Milli Seysmoloji Mərkəzinin məlumatına əsasən, Xunin bölgəsinin Çupaka əyalətində qeydə alınan zəlzələlərin maqnitudası 5,1 və 3,7 olub. Yeraltı təkanlar paytaxt Limadan təxminən 300 kilometr şərqdə baş verib.
Məlumata görə, təbii fəlakət nəticəsində azı 6 nəfər həyatını itirib, 21 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Mülki müdafiə rəhbəri Luis Vaskes bildirib ki, ilkin qiymətləndirmələrə əsasən, 48 ev tamamilə dağılıb, daha 18 yaşayış evinə ciddi ziyan dəyib. Nəticədə təxminən 300 nəfər evsiz qalıb və onlar müvəqqəti sığınacaqlara yerləşdiriliblər.
Hadisə yerinə cəlb olunan xilasedicilər və yanğınsöndürənlər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirirlər.
Qeyd edək ki, mütəxəssislərin sözlərinə görə, zərər çəkmiş ərazidəki yaşayış evlərinin böyük hissəsi kərpic və gil materiallardan tikildiyi üçün seysmik təkanlara qarşı daha həssasdır. Peru dünyada ən aktiv seysmik zonalardan biri hesab olunan Sakit Okean Odlu Qövsü üzərində yerləşir.