Bu il yanvarın 1-nə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin qalığı 164,2 milyon manat təşkil edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Qanun layihəsinə əsasən, ötən il yanvarın 1-i ilə müqayisədə Fondun vəsaitinin qalığı 255,1 milyon manat azalıb.
Beləliklə, həmin tarixə Fondda 419,3 milyon manat vəsait olub. İl ərzində isə Fonda 2 milyard 310,7 milyon manat pul daxil olub. Bunun 1 milyard 521 milyon manatı "Büdcə sistemi haqqında" qanunun 19.5-1.3. maddəsinə uyğun olaraq vahid xəzinə hesabının sərbəst qalığı, 200 milyon manatı büdcə ili ərzində yaranan artıq vəsait, 542,2 milyon manatı Azərbaycan Mərkəzi Bankının (AMB) reallaşdırılmış mənfəətinin sərbəst qalığı, 26 milyon manatı Təminat Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlir, 21,3 milyon manatı təkrar borc sazişləri üzrə daxilolmalar, 0,2 milyon manatı isə dövlət zəmanətinin verilməsi ilə bağlı zəmanət haqqı olub.
Hesabat dövründə qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra vaxtı çatan öhdəliklərin, eləcə də büdcə ssudalanının bağlanması, o cümlədən dövlət zəmanətli kreditlər üzrə əsas borcalanların üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən, sözügedən öhdəliklərin yerine yetirilməsi məqsədilə Təminat Fondundan 2 milyard 565,8 milyon manat xərclənib. Bu vəsait dövlət büdcəsindən ayrılmış sudaların bağlanmasına, dövlət istiqrazları üzrə vaxtı çatan asas borc ödənişlərinin yerinə yetirilməsinə, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) sağlamlaşdırılması və toksik aktivlərinin reallaşdınılması tədbirlən çərçivəsində "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) buraxdığı dövlət zəmanətli borc üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər üzrə ABB-yə və AMB-yə ödənilməsinə, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə bank və BOKT-lara ayrılmış dövlət zəmanətli kreditlər üzrə ("Atabank", "Amrah Bank", "NBC Bank", "Mugan Bank", "AGBank" ASC-lərin və "Viza Kredit" MMC-nin lisenziyalarının ləğv edilməsi səbəbindən geri qaytarılmadığı üçün) 2024-cü ilin sonuna olan dövlət zəmanətli borc öhdəliklərinin bağlanması məqsədilə AMB-yə ödənilməsina, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilmiş dövlət zəmanətli borc öhdəliklərinin bağlanması üzrə, habelə dövlət zəmanəti ilə təmin edilmiş bir sıra öhdəliklərin yerinə yetirilməsi məqsədilə, hökumətin müvafiq razılığı əsasında "Azərenerji" və "Azərişıq" ASC-lərin öhdəliklərinin icra olunmasına yönəldilib.