Milli Məclis yaz sessiyasının bu gün keçirilən plenar iclasında rəqəmsal iqtisadiyyatla bağlı mühüm qərar qəbul edib. Azərbaycanda elektron ticarət həyata keçirən qeyri-rezidentlərin vergi uçotuna alınması meyarları III oxunuşda təsdiqlənib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu yeniliklə əlaqədar Vergi Məcəlləsinə, habelə "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlara təklif edilən dəyişikliklər parlamentdə geniş müzakirə olunub.
Yeni Vergi Qaydaları: 10 Min Dollar Limiti və Şərtlər
Qəbul edilən qanun layihəsinə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə xidmət göstərən və bundan gəlir əldə edən qeyri-rezidentlər üçün konkret dövriyyə limiti müəyyən edilib.
Əgər qeyri-rezidentin alıcısı Azərbaycanda olan iş və xidmətlərdən illik dövriyyəsi 10 min dolların manat ekvivalentini keçərsə, həmin şəxs 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdır.
Qeyd olunan dövriyyəsi 10 min dollardan aşağı olan qeyri-rezidentlər üçün isə elektron qaydada vergi uçotuna alınmaq könüllü xarakter daşıyacaq.
Hansı Xidmətlər Elektron Ticarət Qaydalarına Aid Edilmir?
Yeni qanunvericilikdə bir sıra istisnalar nəzərdə tutulub. Aşağıdakı fəaliyyət növləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir:
Buraya elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilən məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətləri daxildir.
Həmçinin, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, eləcə də elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifarişi vergi uçotu tələb edən elektron ticarət xidmətləri siyahısından kənarlaşdırılıb.
Qeydiyyat və ƏDV Ödənişləri Necə Tənzimlənəcək?
İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlərin (daimi nümayəndəliklər istisna olmaqla) inzibatçılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Bu prosedurlara aşağıdakılar daxildir:
- Elektron qaydada vergi uçotuna alınma və uçotdan çıxarılma;
- ƏDV ödəyicisi kimi qeydiyyata alınma;
- ƏDV bəyannaməsinin təqdim edilməsi və verginin ödənilməsi.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.