Milli Məclis tərəfindən süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qarşı qadağalar, cərimə və cəzalar ilk oxunuşda qəbul edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Cinayət və Cinayət-Prosessual Məcəllələrinə, həmçinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Süni İntellektlə Saxta Material Hazırlamağın Cəzası Nə Qədərdir?
Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları və xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlamaq qadağan edilir. Həmin materialları mediada, internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yaymağa görə ciddi məsuliyyət nəzərdə tutulur.
Bu əməllərə görə 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər tətbiq ediləcək. Həmçinin, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək.
Şantaj və Pornoqrafik Məzmunlu Materiallara Görə Sərt Cəzalar
Sənədə əsasən, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan qrup tərəfindən, iki və ya daha çox şəxsə qarşı törədildikdə cəzalar ağırlaşır. Şəxsin şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq məqsədilə, eləcə də zərərçəkmişin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ona və ya yaxın qohumlarına qarşı törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası kəsiləcək.
Bundan başqa, şəxsin razılığı olmadan süni intellekt texnologiyaları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlamaq və yaymaq daha ciddi cinayət sayılacaq. Bu halda 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif edilir.
Süni İntellektlə Hazırlanan Materiallar Üçün Məcburi Nişanlanma Tələbi
Qeyd edilib ki, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə xüsusi qaydalara əməl olunmalıdır. Belə materiallar texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.