"Neyləyim?" və ya bir çox mənbələrdə yanlışlıqla "Ala gözlüm" kimi məşhur olan mahnı. Mahnının yaranış tarixi ilə bağlı müxtəlif versiyalar olsa da bəzi tarixi faktlar da var. Mahnı ilk baxışdan bir kişinin dilindən bir xanıma ithaf olunması təəsüratı yaratsa da, Nigar Rəfibəyli bu mahnının mətnini həyat yoldaşı Rəsul Rzaya həsr edib. Mahnıda xitab olunan "ala gözlüm" də məhz Rəsul Rzadır.
- Ala gözlüm!
- Səndən ayrı gecələr,
- Bir il kimi uzun olur, neyləyim?
Mahnının mətni məşhur Azərbaycan şairi Nigar Rəfibəylinin, həyat yoldaşı məşhur Azərbaycan şairi Rəsul Rzaya həsr etdiyi şeirdir. 1941-ci ilin axırlarında Rəsul Rza bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir və Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır. Cəbhə qəzeti olan "Döyüşən Krım"da işləməyə başlayır. Nigar Rəfibəyli isə Rəsul Rzanın yolunu gözlədiyi vaxtda bu şeiri qələmə alır.
Şeir ilk dəfə 1950-ci ildə "Azərbaycan jurnalı"nda çap edilir. Kitabxanalarda kitab oxuyarkən marağına səbəb olan şeirləri öz dəftərçəsinə qeyd edən gənc bəstəkar Emin Sabitoğlu "Neyləyim?" şeirini də öz siyahısına əlavə edir. Lakin uzun illər bu şeirə mahnı bəstələmək bəstəkarın xatirindən çıxır. Yazıçı Anar və Emin Sabitoğlu dost olduğundan, bəstəkar Anarın evinə tez-tez gəlir və Nigar Rəfibəyli bəzi şeirlərinə mahnı bəstələməsini Emindən xahiş edir. Belə şeirlər arasında Nigar Rəfibəylinin yenə də sırf Rəsul Rzaya həsr etdiyi "Əsən yellər" və "Aman ayrılıq" mahnısı da yer tutur.
Rəsul Rza sonra yüksək təzyiqlə xəstəxanaya yerləşdirilir və 1981-ci ildə dünyasını dəyişir. Bu vaxt xəstəxanada müalicədə olan Nigar, Rəsulun ölümündən xəbərsiz olur. Emin Sabitoğlu da məhz bu mahnını 1981-ci ildə Rəsul Rzanın ölümündən dərhal sonra, Nigarın bu ölümdən xəbərsiz olmasından təsirlənərək bəstələyir.
Mahnın ən məşhur ifaçısı, xalq artisti Akif İslamzadə bu mahnının daha əvvəl başqa melodiyada, yenə də Emin Sabitoğlu tərəfindən bəstələndiyini öz çıxışlarından birində qeyd edir və bildirir ki, bu mahnını ilk dəfə Gülağa Məmmədov ifa edir. Hətda əlavə edir ki, bəstəkar mahnının melodiyasını unutduğuna görə yeni versiyası ərsəyə gəlir. Akif İslamzadənin dediyinə görə özü bu mahnını ilk dəfə oxuyanda Gülağa Məmmədov bu sözlərə mahnı oxuduğunu ona bildirir və arxivdən həqiqətən də şeirə bəstələnmiş mahnının notları tapılır. Lakin Emin Sabitoğlu Anarı və Akif İslamzadəni evinə dəvət edir və mahnı bir neçə yeni versiyada ifa olunur. Nəhayət hazırda dinlənilən versiya son seçim olur.
Mahnın ilk lent yazısı, Rəsul Rzanın ildönümü üçün hazırlanan film üçündür. İlk lent yazısında Akif İslamzadəni Emin Sabitoğlu royalda müşayiət edir. Divarda isə Rəsul və Nigarın portretləri əks olunur. Çəkiliş bitdikdən sonra Şövkət Ələkbərova yenidən çəkilməsini tələb edir. Buna səbəb isə Şövkət Ələkbərovanın mahnıdan təsirlənərək ağlamasının kadrlara açıq şəkildə yansıması olur. İkinci çəkilişdə Şövkət Ələkbərova yenə özünü saxlaya bilmir və kövrəlir. Üçüncü kadr isə çəkilmir. Mahnının sədaları altında Şövkət Ələkbərovanın kövrəlməsi lentə alınır.
Lent yazısı xəstəxanaya, Nigarın yanına gətirilir. Bacısı Anardan xahiş edir ki, bu mahnının lent yazısını xəstəxanadan aparsın. Çünki Nigar hələ də Rəsulun ölümündən xəbərsizdir və xəstəxanaya gəlmədiyi üçün Rəsuldan incidiyini deyir. Akif İslamzadə yenə çıxışlarının birində bu mahnıdan sonra Nigarın Rəsulun öldüyünü anladığını demişdi.
Sonralar mahnı bir çox məşhur sənətçilər tərəfindən ifa olunub. Bir çox sənətçilər isə mahnının instrumental versiyalarını işləyib hazırlayıblar.