Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah İndoneziyaya rəsmi səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Görüşlərdə liderlər səviyyəsində formalaşan qarşılıqlı siyasi iradə əsasında əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsi üçün atıla biləcək addımlar nəzərdən keçiriləcək.
Fidanın ikitərəfli ticarət dövriyyəsinin 10 milyard dollara çatdırılması məqsədilə infrastruktur, enerji, nəqliyyat, rəqəmsallaşma, süni intellekt, yüksək texnologiyalar və halal qida sektorlarında tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayacağı gözlənilir. Həmçinin müdafiə sənayesi sahəsində həyata keçirilən layihələrin gedişi və gələcək əməkdaşlıq imkanları da müzakirə ediləcək.
Səfər zamanı regional və beynəlxalq məsələlər də gündəmdə olacaq. Tərəflərin Qəzzadakı vəziyyət, Fələstində ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətində birgə fəaliyyət, eləcə də İsrailin Qəzza, İordan çayının qərb sahili, Şərqi Qüds və Livandakı fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparacağı bildirilir.
Bununla yanaşı, İran və Hörmüz boğazındakı vəziyyət, Suriya, Rusiya-Ukrayna müharibəsi, Somali, Sudan və Liviyadakı son proseslər, həmçinin Asiya-Sakit Okean regionunda təhlükəsizlik məsələləri də müzakirə ediləcək.
Görüşlərdə Türkiyə və İndoneziyanın BMT, G20, İslam Əməkdaşlıq Təşkilatı, ASEAN, MIKTA və D-8 kimi beynəlxalq platformalar çərçivəsində əməkdaşlığının da nəzərdən keçirilməsi gözlənilir.