Bakıda təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyinin icra prosesi geniş müzakirə edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanışında çıxış edərək, prosesin gedişatı barədə məlumat verib.
Forumda 111 ölkə iştirak edib ki, onlardan 80-i nazirlər səviyyəsində təmsil olunub. Nazirlərin görüşündən sonra mənzil təminatı, iqlim dəyişikliyi, sosial inklüzivlik və dayanıqlılıq kimi mövzularda tematik panellər təşkil edilib. Bu müzakirələrin ilin sonuna doğru BMT Baş Assambleyasında keçiriləcək Yeni Şəhər Gündəliyinin yüksək səviyyəli icmalına hazırlıq üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Anar Quliyevin sözlərinə görə, WUF13 indiyədək keçirilən ən genişmiqyaslı forum olaraq yadda qalıb:
- Forumda 176 ölkədən 58 044 nəfər iştirak edib.
- İştirakçılar innovativ yanaşmaları və ilk dəfə tətbiq olunan "Liderlərin sammiti" formatını yüksək qiymətləndiriblər.
- Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında gələcək forumların təşkili üçün əməliyyat təlimatlarının hazırlanması istiqamətində əməkdaşlıq niyyəti dəstəklənib.