Bakıda təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) yalnız genişmiqyaslılığı ilə deyil, həm də tətbiq edilən innovativ yanaşmalar, inklüziv iştirakçılıq və əldə olunan konkret nəticələrlə diqqət çəkib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev tədbirin bağlanış mərasimində çıxışı zamanı forumun əhəmiyyətini vurğulayıb.
Anar Quliyev bildirib ki, qlobal mənzil böhranının aradan qaldırılması üçün səmərəli çoxtərəfli əməkdaşlıq, tərəfdaşlıqların gücləndirilməsi, innovativ maliyyə alətləri və koordinasiyalı fəaliyyət vacibdir. O, forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən Liderlər sammitini tədbirin ən əlamətdar hadisəsi kimi qiymətləndirib.
Sammitin nəticələri ilə bağlı qeyd olunub ki, 27 dövlət və hökumət başçısının, habelə yüksək səviyyəli beynəlxalq təşkilat rəhbərlərinin iştirakı aşağıdakı məqsədlərə xidmət edir:
- Qlobal şəhərsalma gündəliyinin irəli aparılması;
- Dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi;
- Hər kəs üçün əlçatan mənzil təminatı və dayanıqlı icmaların yaradılması istiqamətində ortaq öhdəliklərin nümayişi.