Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda yüksək səviyyədə keçirilməsini Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu nəticəsi kimi qiymətləndirib.
Spiker qeyd edib ki, dövlət başçısı forumun açılışındakı çıxışında Azərbaycanın zəngin şəhərsalma ənənələrinə və tarixi memarlıq irsinə toxunaraq, ölkənin həm tarixi abidələri qoruduğunu, həm də müasir dayanıqlı inkişaf standartlarını tətbiq etdiyini bildirib.
Sahibə Qafarova işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
- Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış mühiti formalaşdırılır.
- 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi şəhərsalma məsələlərinin dövlət üçün prioritet olduğunu təsdiqləyir.
- WUF13-ün keçirilməsi Azərbaycanın bu sahədəki qlobal gündəliyə verdiyi töhfədir.
S.Qafarova, həmçinin parlament üzvlərinin forumun panel sessiyalarındakı fəal iştirakına diqqət çəkib. O, dayanıqlı inkişafın parlament ölçüsünün vacibliyini qeyd edərək, qanunvericilik orqanlarının müasir şəhərsalma, ekoloji təhlükəsizlik və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi üçün hüquqi bazanın yaradılmasında mühüm rol oynadığını əlavə edib.