Qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına xəbərdarlıq edib. “Operativ Məlumat Mərkəzi-OMM”-ə daxil olan məlumata görə, bayram günlərində yollarda nəqliyyat sıxlığının artacağı gözlənilir.
BDYPİ sürücülərə müraciət edərək aşağıdakı məqamlara diqqət yetirmələrini tövsiyə edib:
- Nəqliyyat vasitələrinin texniki sazlığına əmin olmaq;
- Sürət həddinə ciddi riayət etmək;
- Yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək;
- Ötmə və manevr qaydalarına əməl edərək təhlükəli davranışlardan çəkinmək.
İdarə uzun məsafəli səfərlər zamanı diqqətin yayınmasının ciddi fəsadlara yol aça biləcəyini xatırladıb. Piyadalara isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələri və intensiv hərəkət olan yollarda həyatlarını riskə atmamaları barədə xəbərdarlıq edilib.