Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva qəbul edib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbaycan üfüqündə hilalın görünməsinə uyğun olaraq Qurban bayramı bu il mayın 27-nə təsadüf edir.
Fətvaya əsasən, bayram namazları mayın 27-də məscidlərdə qılınacaq, qurban kəsimi isə 3 gün davam edəcək. Qurbanlıq üçün qoyun, keçi, inək və ya dəvə seçilə bilər. Heyvanların sağlam, kəsimə yararlı olması və müəyyən yaş həddini tamamlaması şərtdir:
- Qoyun və keçi: 1 il;
- Öküz və inək: 2 il;
- Dəvə: 5 il.
Heyvanın üzü qibləyə tərəf çevrilərək, Allahın adı ilə kəsilməsi vacibdir. Qurbanlıq ətin üç hissəyə bölünərək ehtiyac sahiblərinə, qohum-əqrəbaya paylanması və bir hissəsinin ailəyə saxlanılması tövsiyə olunur. Kəsim prosesi sanitariya qaydalarına uyğun və münasib yerlərdə həyata keçirilməlidir.
Qeyd edək ki, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərinin vaxtı da müəyyənləşib. Bayram günlərinin üst-üstə düşməsi səbəbindən Əmək Məcəlləsinə uyğun olaraq əlavə istirahət günü verilib. Beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü olacaq.