Leyla Əliyeva və Alona Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər. AZƏRTAC-ın məlumatına görə, səfər çərçivəsində qonaqlar mərkəzdəki sosial və yaradıcı proseslərlə yaxından tanış olub, uşaqlarla birgə vaxt keçiriblər.
Ziyarət zamanı Leyla Əliyeva və Alona Əliyeva uşaqlarla birlikdə mərkəzin həyətində meyvə və dekorativ ağaclar əkiblər. Daha sonra azyaşlılar öz əl işlərini, rəsmlərini və yun iplərdən hazırladıqları oyuncaqları qonaqlara təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri böyük maraqla qarşılanıb.
Birgə fəaliyyət çərçivəsində müxtəlif dekorativ əşyalar hazırlanıb və uşaqların bacarıqlarını əks etdirən işlərə baxış keçirilib. Tədbirin bədii hissəsində isə azyaşlılar şeirlər söyləyib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdikləri çıxışlar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.