Dünya bazarlarında neftin qiyməti Yaxın Şərqdə artan hərbi gərginlik fonunda yüksəliş nümayiş etdirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, dünən 76,01 dollar səviyyəsində ticarəti başa vuran “Brent” markalı neftin bir barelinin qiyməti bu gün səhər saatlarında 4,56 faiz artaraq 79,48 dollara yüksəlib. ABŞ-nin “WTI” markalı xam neftinin bir bareli isə 74,78 dollardan satılıb.
Məlumata görə, qiymət artımına əsas səbəb ABŞ-nin İrana qarşı həyata keçirdiyi hava əməliyyatları və İranın buna cavab olaraq Hörmüz boğazı vasitəsilə enerji daşımalarının dayandırılması ilə bağlı səsləndirdiyi təhdidlərdir.
ABŞ Mərkəzi Komandanlığı (“CENTCOM”) bildirib ki, döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmilərin iştirakı ilə İranın təxminən 140 hərbi hədəfinə zərbələr endirilib. Hədəflər arasında raket və PUA mövqeləri, hərbi-dəniz qüvvələrinə məxsus infrastruktur, sursat anbarları və rabitə obyektlərinin olduğu qeyd edilib. Üç gecə davam edən əməliyyatlar nəticəsində ümumilikdə 300-dən çox hədəfin sıradan çıxarıldığı bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, Hürmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni əməliyyatlara başlanılıb. Bildirilir ki, bu addımlar ABŞ Prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilib.
Qeyd edək ki, İran da ABŞ-nin hücumlarına cavab olaraq bölgədə hərbi fəaliyyətini genişləndirib. Rəsmi Tehran İordaniya, Bəhreyn və Küveytə qarşı hücumlar təşkil etdiyini açıqlayıb.