İran ABŞ-nİn son sutka ərzində həyata keçirdiyi hərbi əməliyyatlara rəsmi reaksiya verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Vaşinqtonun həyata keçirdiyi hücumlar kəskin şəkildə pislənib.
Rəsmi Tehran bildirib ki, ABŞ-nİn addımları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.
İran Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, ABŞ qüvvələrinin hədəfə aldığı ərazilər arasında mülki yaşayış məntəqələri də olub. İran tərəfi bu hücumları “müharibə cinayəti” kimi qiymətləndirərək, Vaşinqtonu mövcud beynəlxalq razılaşmaları pozmaqda ittiham edib.
Bəyanatda qonşu ölkələrə də xəbərdarlıq edilib. Tehran bildirib ki, dövlətlər öz ərazilərinin İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsi üçün istifadə olunmasının qarşısını almağa borcludurlar.
İran tərəfi həmçinin vurğulayıb ki, ona qarşı həyata keçirilən hücumların mənbəyinə qarşı veriləcək hər hansı cavab tədbiri “qanuni müdafiə” hüququ çərçivəsində qiymətləndiriləcək.