İran Xarici İşlər Nazirliyi ABŞ-ni Əhvaz şəhərində uşaq onkoloji xəstəxanasının yaxınlığına zərbə endirməkdə ittiham edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, çərşənbə günü gecə ABŞ qüvvələri Əhvaz şəhərinin müxtəlif nöqtələrini, o cümlədən "Shahid Baqaei Hospital"ın yaxınlığını hədəfə alıb.
Onun sözlərinə görə, hücumdan sonra xəstəxana rəhbərliyi təcili təxliyə qərarı qəbul edib. Bildirilib ki, 211 xəstə, o cümlədən kimyaterapiya alan uşaqlar təhlükəsizlik məqsədilə tibb müəssisəsindən çıxarılıb.
İran tərəfi baş verənləri "qorxaqca müharibə cinayəti" kimi qiymətləndirib. İsmayıl Bəqai iddia edib ki, zərbələr uşaqların həyatını təhlükə altına salıb və tibbi xidmətin göstərilməsinə ciddi maneələr yaradıb.
Baqaei həmçinin xəstəxanaların hədəf alınmasına səssiz qalan ölkələri tənqid edərək, bunun mənəvi etibara zərbə vurduğunu bildirib. O, hadisəni İsrailin səhiyyə müəssisələrinə qarşı həyata keçirdiyini iddia etdiyi hücumlarla müqayisə edib.
Hazırda zərbələrin vurduğu ziyanın miqyası və xəstəxananın fəaliyyətinin nə vaxt tam bərpa olunacağı ilə bağlı əlavə məlumat açıqlanmayıb.