Hindistan hökuməti regionda artan gərginlik fonunda dənizçilərinin təhlükəsizliyi ilə bağlı yeni qərar qəbul edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, rəsmi Dehli ölkənin gəmi sahiblərinə, gəmi menecerlərinə və işəgötürən şirkətlərə göstəriş verib. Qərara əsasən, hindistanlı dənizçilərin Hörmüz boğazından keçən gəmilərdə xidmət etməsinə icazə verilməyəcək.
Məlumata görə, bu addım beynəlxalq sularda, xüsusilə strateji əhəmiyyət daşıyan Hörmüz boğazında baş verə biləcək təhlükələrin qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Gəmiçilik şirkətlərinə göndərilən təlimatda qeyd olunub ki, sözügedən marşrut üzrə hərəkət edən gəmilərdə hindistanlı heyət üzvlərinin olması əlavə risk yarada bilər.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas keçid məntəqələrindən biri hesab olunur. Son dövrlərdə bölgədə artan geosiyasi gərginlik səbəbindən bu ərazi gəmiçilik üçün yüksək riskli zona kimi qiymətləndirilir.