Aşqabadda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə bir araya gəlib. Nazirlər Kabinetindən verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari vəziyyətini dəyərləndiriblər.
Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan dövlət başçısına çatdırıb. Öz növbəsində, Sərdar Berdiməhəmmədov göstərilən diqqətə görə minnətdarlığını bildirərək, salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Tərəflər Azərbaycan və Türkmənistan arasında qarşılıqlı etimada söykənən siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd ediblər. Görüşdə həmçinin əməkdaşlığın müxtəlif sahələr üzrə daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.