BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi” adlı tədbirdə çıxış edib. O, Azərbaycanı forumun uğurlu təşkili münasibətilə təbrik edərək, tədbirin tarix boyu keçirilən ən böyük sessiya olduğunu bildirib.
Dmitri Mariyasin qeyd edib ki, Azərbaycan mürəkkəb qlobal şəraitdə yaşıl inkişafı və dayanıqlı şəhərsalma prinsiplərini prioritet seçməklə nümunə göstərir: “Azərbaycan vacib məsələləri ön plana çıxarmaqla, həm özümüzün, həm də gələcək nəsillərin rifahı üçün məlumatlı qərarlar qəbul edilməsini təmin edir”.
Çıxışında Strateji Ekoloji Qiymətləndirmənin əhəmiyyətinə toxunan rəsmi, bu mövzunun mediada kifayət qədər işıqlandırılmadığını təəssüflə qeyd edib. Onun sözlərinə görə, bu mexanizm ölkəyə uzunmüddətli sabitlik və rəqabət qabiliyyəti gətirən düzgün seçimlərin edilməsi üçün vacibdir.
Mariyasin urbanizasiya prosesinin sürətləndiyi və iqlim dəyişikliyi ilə mübarizənin aktuallaşdığı bir dövrdə şəhərsalma planlaşdırılmasında Strateji Ekoloji Qiymətləndirmənin rolunun xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb.