Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk ticari-iqtisadi məsələləri müzakirə etmək üçün sentyabrda görüş keçirəcəklər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 17-si Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
"İlk növbədə ölkələrimiz arasında ticari-iqtisadi və investisiya sahələrində birgə layihələrin icrasının yüksək intensivliyini qeyd etmək istərdim. Hökumətlərarası komissiyanın iclası artıq xatırladıldı. Müntəzəm təmasların saxlanılması zərurəti və görülmüş işlər nəzərə alınaraq, bir sıra istiqamətləri müzakirə etmək üçün cari ilin sentyabr ayında Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk arasında görüşün keçirilməsi barədə ilkin razılıq əldə olunub", - C. Bayramov bildirib.
O qeyd edib ki, Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əməkdaşlıq məsələsinə ayrıca toxunulub:
"2025-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi təxminən 4,9 milyard dollar təşkil edib və 2024-cü illə müqayisədə bu müsbət dinamika təqribən 2,5 % təşkil edir. Rusiya-Azərbaycan münasibətlərinin bütün kompleksində məhz iqtisadiyyat, ticarət və investisiya kontekstində xüsusi rolu iki ölkə arasındakı hökumətlərarası komissiya oynayır ki, onun da 24-cü iclası cari ilin aprelində Zəngilanda keçirilib. Azərbaycan ardıcıl olaraq müasir nəqliyyat infrastrukturunu inkişaf etdirir və hesab edir ki, bu, regional qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün çox vacibdir. Hesab edirik ki, bu istiqamət yalnızca Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlıq kontekstində vacib deyil, həm də bütün regionun iqtisadi dayanıqlığını möhkəmləndirir".