İran ABŞ tərəfindən istifadə olunan Böyük Britaniya hərbi bazalarını "qanuni hədəf" hesab etdiyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bunun ardınca Böyük Britaniya hökuməti özünü müdafiə etmək üçün sutkanın 24 saatı tam hazırlıq vəziyyətində olduğunu açıqlayıb.
Böyük Britaniya ABŞ hərbçiləri və hərbi təyyarələrinin yerləşdiyi bazalarından Vaşinqtonun müdafiə xarakterli əməliyyatlar keçirməsinə icazə versə də, İrana qarşı birbaşa hücum əməliyyatlarında iştirakdan imtina edib.
İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanı ABŞ-nin hərbi əməliyyatlarının "şəriki" adlandırıb.
Eyni zamanda, SEPAH ABŞ-yə hərbi dəstək göstərən istənilən ölkənin bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bəyan edib.
Açıqlamalar ABŞ-nin ardıcıl 13-cü gecə İrandakı hədəflərə hava zərbələri endirdiyi bir vaxtda səsləndirilib.
ABŞ Prezidenti Donald Tramp isə Böyük Britaniya hökumətini və keçmiş Baş nazir Kir Starmeri müharibəyə kifayət qədər dəstək verməməkdə dəfələrlə tənqid edib.
İran tərəfi isə Böyük Britaniyanı hərbi əməliyyatların iştirakçısı kimi təqdim etməyə çalışıb.