“Bavariya” “Real Madrid”in braziliyalı vingeri Vinisius Juniorun transferi ilə ciddi maraqlanır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə idman jurnalisti Əkrəm Konur məlumat yayıb.
Məlumata görə, Münhen klubu 25 yaşlı futbolçunun transfer şərtləri və hazırkı vəziyyəti ilə bağlı “Real Madrid”dən rəsmi məlumat istəyib.
Bildirilir ki, Madrid təmsilçisi Vinisius Junior üçün gələn təklifləri nəzərdən keçirməyə hazırdır. Buna səbəb kimi futbolçunun gələn yay sərbəst agent kimi komandadan ayrılma ehtimalının yaratdığı risk göstərilir.
Qeyd olunur ki, İspaniya mətbuatında daha əvvəl yayılan xəbərlərə əsasən, tərəflər arasında yeni müqavilə danışıqları dalana dirənib.
Məlumata əsasən, Vinisius Junior ötən mövsüm bütün turnirlərdə 53 oyuna çıxaraq 22 qol vurub və 14 məhsuldar ötürmə edib.
Bildirilir ki, futbolçu uğrunda təkcə “Bavariya” deyil, İngiltərənin “Mançester Yunayted” klubu da mübarizə aparır. Məlumata görə, İngiltərə təmsilçisi braziliyalı ulduz üçün 120 milyon avro təklif etməyə hazırlaşır.