Bakı şəhərində yerləşən tibb müəssisələrinə gələn vətəndaşların rahatlığını təmin etmək məqsədilə Səməd Vurğun və Mərdanov qardaşları küçələrindəki mövcud küçə parklanma yerlərinin bir qismi ləğv olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, həmin ərazilərdə yeni minib-düşmə yerləri istifadəyə verilib.
Görülən tədbirlər çərçivəsində aşağıdakı dəyişikliklər həyata keçirilib:
- Səməd Vurğun küçəsi: Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında "3.28" - "durmaq qadağandır" yol nişanı quraşdırılmaqla minib-düşmə zonası yaradılıb. Həmçinin, "5.14" – "minik taksilərinin duracaq yeri" nişanı qoyularaq taksilərin sərnişinləri rahat şəkildə düşürməsi üçün imkanlar genişləndirilib.
- Mərdanov qardaşları küçəsi: Respublika Pediatriya Mərkəzi və Kliniki Tibbi Mərkəzin qarşısında "3.28" - "durmaq qadağandır" yol nişanları quraşdırılaraq müvafiq minib-düşmə yerləri təşkil edilib.