İnzibati xəta törətmiş şəxsə məcburi psixatriya yardımının göstərilməsi ilk oxunuşda qəbul edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanuna təklif olunan yeni maddəyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul ediləcək.
Qanuna əlavə edilməsi nəzərdə tutulan daha bir maddəyə əsasən, psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.
Daha bir dəyişikliklə psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə məlumat verməlidir.
Bundan başqa, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılacaq.
Həmçinin məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı pasiyentin özü və ya digər şəxslər üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısının alınması məqsədilə psixiatriya müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddlərdə rejim qaydaları və təhlükəsizlik tədbirləri təmin ediləcək.
Eyni zamanda elektron sağlamlıq kartı sistemi psixiatriya yardımı sahəsinə tətbiq ediləcək.
Sənədə əsasən, psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir və elektron sağlamlıq kartı sistemində saxlanılacaq.
Həmçinin psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilə biləcək. Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq.
Eyni zamanda müalicədən imtina edilməsi ilə bağlı məlumatlar da elektron sağlamlıq kartı sisteminə daxil ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.