Meksika Prezidenti Klaudiya Şeynbaum və Braziliya Prezidenti Luis İnasio Lula da Silva Kubada yaşanan ağır humanitar vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər və ABŞ-nin adaya qarşı tətbiq etdiyi embarqonun ləğvini tələb ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.
Bəyanatda qeyd olunur ki, hər iki ölkə lideri Kubaya qarşı embarqonun aradan qaldırılmasının vacibliyini bir daha vurğulayıb və Karib dövlətindəki mövcud humanitar böhranla bağlı narahatlıqlarını bölüşüblər.
Meksika XİN-in məlumatına görə, tərəflər görüş zamanı həmçinin enerji sahəsi də daxil olmaqla ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Bundan başqa, Meksika və Braziliya ticarət münasibətlərinin hüquqi bazasının yenilənməsi barədə razılığa gəlib, digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər həmçinin Çilinin keçmiş prezidenti Mişel Baçeletin BMT-nin növbəti baş katibi vəzifəsinə namizədliyini dəstəklədiklərini açıqlayıblar.