Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekun mətbuat konfransında çıxış edib. Səfir Meksika hökuməti və Mexiko şəhəri adından Azərbaycanı tədbirin yüksək səviyyədə təşkilinə görə təbrik edib.
Mariya Viktoriya Romero Kabalyero Azərbaycanın göstərdiyi qonaqpərvərliyi və yaradılan şəraiti yüksək qiymətləndirib. O, xüsusilə gənc könüllülərin fəaliyyətini qeyd edərək, onların nümayəndə heyətinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Səfir həmçinin UN-Habitat-a tədbirin məzmunlu keçirilməsindəki roluna görə minnətdarlıq edib. O, WUF13-ün əhəmiyyətini vurğulayaraq, Meksika nümayəndə heyətinin tədbirdə geniş tərkibdə təmsil olunduğunu xatırladıb:
- Şəhərsalma naziri;
- Mexiko şəhərinin qubernatoru;
- Xarici işlər nazirinin müavini;
- Müxtəlif dövlət qurumlarının təmsilçiləri.
Qeyd edək ki, 2028-ci ildə keçiriləcək WUF14-ə Meksika ev sahibliyi edəcək.