İsrail ordusu Livanın cənubunda yerləşən Suri rayonundakı tibb mərkəzinə hava zərbəsi endirib. Livan Milli Xəbər Agentliyinin (NNA) yaydığı məlumata görə, hücum nəticəsində 4 nəfər həyatını itirib, 2 təcili yardım əməkdaşı isə yaralanıb.
Eyni zamanda, Təbninə şəhərindəki xəstəxana yaxınlığına da hava zərbəsi təşkil olunub. Hadisə zamanı 7-si tibb işçisi olmaqla ümumilikdə 9 nəfər xəsarət alıb, xəstəxana binasına və təcili yardım maşınlarına ciddi maddi ziyan dəyib.
Baş verənlərə cavab olaraq, Hizbullah hərəkatı İsrailin cənubdakı mövqelərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.
ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, tərəflər arasında qarşılıqlı hücumlar davam edir. Livan Səhiyyə Nazirliyinin statistikasına əsasən, bölgədə gərginliyin kəskinləşdiyi dövrdən etibarən ölənlərin sayı 3000-ə yaxınlaşıb, minlərlə insan isə yaralanıb.