Dövlət Miqrasiya Xidməti (DMX) Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutundan istifadə edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Böyük Kəsik stansiyasında xidmət göstərməyə başlayıb. Qurumdan verilən məlumata görə, qatarın stansiyada dayandığı müddətdə sərnişinlərə zəruri miqrasiya xidmətləri operativ şəkildə təqdim olunur.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə 25 may saat 00:00-dan etibarən Azərbaycan vətəndaşlarının, eləcə də ölkəyə vizasız giriş hüququ olan xarici vətəndaşların Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu ilə giriş-çıxışı bərpa edilib.
Miqrasiya qaydaları ilə bağlı vacib məqamlar:
- Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
- Viza tələb olunmayan qaydada gələn şəxslərin ölkədə qalma müddəti, beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, 90 gündən çox ola bilməz.
- Rusiya vətəndaşları üçün müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib.
Sərnişinlərin rahatlığını təmin etmək və mümkün ləngimələrin qarşısını almaq məqsədilə DMX vətəndaşlara qanunvericiliyin tələblərinə riayət etməyi tövsiyə edir. Qanunvericiliyin pozulması ehtimalı olan şəxslər ölkəni tərk etməzdən əvvəl DMX-nin regional idarələrinə və ya "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin, Xidmətin rəsmi internet səhifəsindəki "Elektron xidmətlər" bölməsi vasitəsilə ölkəyə giriş-çıxışla bağlı tətbiq edilən məhdudiyyətlər barədə məlumat əldə etmək mümkündür.